Ən çox verilən suallar
Sual: Hərbi Tibb Fakültəsində “Hərbi feldşer işi” ixtisası üzrə təhsil müddəti neçə ildir? Cavab: Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Hərbi feldşer işi” ixtisası üzrə təhsil müddəti 3 ildir. Sual: Hərbi Tibb Fakültəsinə “Hərbi feldşer işi” ixtisası üzrə qəbul üçün yaş həddi neçədir? Cavab: Cari ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit və gizir (miçman) rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Sual: Hərbi Tibb Fakültəsində “Hərbi feldşer işi” ixtisası üzrə qəbul prosesi necə həyata keçirilir? Cavab: Namizədlərin Hərbi Tibb Fakültəsinə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanından, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanından əldə etdikləri nəticələr əsasında həyata keçirilir. Sual: Hərbi Tibb Fakültəsinə “Hərbi feldşer işi” ixtisası üzrə qəbul olmaq üçün minimum keçid balı neçədir? Cavab: Qəbul ilində təhsil müəssisələrinin ehtiyaclarına uyğun olaraq qəbul balı dəyişə bilər. Sual: Hərbi Tibb Fakültəsində “Hərbi feldşer işi” ixtisası üzrə təhsil alan şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb olunur? Cavab: Hərbi Tibb Fakültəsindən “Hərbi feldşer işi” ixtisası üzrə məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçməkdən azad olunurlar. Sual: Hərbi Tibb Fakültəsinə qəbul olan kursant təhsilini xarici ölkədə davam etdirə bilər? Cavab: Hərbi Tibb Fakültəsində təhsil alan kursantın təhsil müəssisəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Türkiyə Respublikasında təhsilini davam etdirə bilər. |